“Şahdağ Qusar”ı mövsümün sonuna qədər İlkin Hacıxanov çalışdıracaq

5.04.2024 18:20 236
II liqa / Manşet
2-ci liqada çempionluq uğrunda mübarizə aparan “Şahdağ Qusar” 18-ci turda “Kür-Araz”a məğlub olandan sonra baş məşqçi Bəhram Şahquliyevlə yollarını ayırdı.

"Football-plus.az" xəbər verir ki, Qusar təmsilçisi mövsümün ikinci yarısında qələbələri sıralamasa da, buna qədər “Baku Sportinq” və “Cəbrayıl” kimi iddialı komandalarla heç-heçə edərək, “Sheki City”ə qalib gəlmiş, “Kür-Araz”a isə məğlub olmuşdu. Təcrübəli çalışdırıcı ayrılandan sonra komandanı 19-cu turun oyununa İlkin Hacıxanov çıxardı və “Lerik”lə görüş qusarlıların qələbəsiylə sona çatdı. Bəs Bəhram Şahquliyev özü istefa verdi, yoxsa istefaya göndərildi? Eyni zamanda, komandanın mövsümün sonuna qədər İlkin Hacıxanovl yola davam edib-etməyəcəyini öyrənmək üçün “Şahdağ Qusar”ın meneceri Çingiz Abbasovla danışdıq:

“Bildiyiniz kimi, komandamız ikinci dövrənin ilk 4 oyununda cəmi 5 xal toplaya bildi və klub rəhbərliyi bunu qənaətbəxş nəticə saymadı. “Kür-Araz”a məğlubiyyətdən sonra baş məşqçi Bəhram Şaquliyevlə klub rəhbərliyi arasında görüş keçirildi, nəticələr müzakirə olundu və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək barədə razılıq əldə olundu. İlkin Hacıxanov buna qədər komandamızda məşqçi kimi çalışırdı. Mövsümün sonuna qədər yola onunla davam edəcəyik”.


KAMAL SƏFƏR