İngiltərə klubları və yığmaları bizi harda görürdüsə, şapalaqlayırdı, xal, qələbə arzumuzu gözümüzdə qoyurdu. Düz ötən il noyabrın 5-nə qədər. Məhz həmin gün “Qarabağ” Bakıda “Çelsi” ilə heç-heçə etməklə premyer-liqa təmsilçilərindən xal almağın mümkün olduğunu göstərdi. Bu gün həmin 2:2-ni yada salmağım səbəbsiz deyil. Yenə ingilislərlə qarşılaşırıq, özü də səfərdə.
Əzəmətli “Old Trafford”, köhnə qüdrətindən nə qədər uzaq düşsə də, yenə də əzəmətli görünən “Mançester Yunayted”... Valdas Dambrauskas qədər də olmasa, əməlli-başlı həyəcan keçirirəm. Sanki mən də ehtiyat oyunçular skamyasında oturmuşam, indicə litvalı hoca məni yanına çağıracaq, kürəyimə sığal çəkib, meydana buraxacaq, “hadi qoçum, çıx, özünü göstər” deyəcək. Zarafat bir yana, azərbaycanlı futbolsevərlər üçün çox həyəcanlı gecədi.
Bizim mediada və sosial şəbəkədə gedən müzakirələrdə diqqətimi çəkən bir tesiz var. Guya, sadəcə, anın ləzzətini, dadını çıxarmaq, nəticəyə fikir vermədən bugünkü oyundan həzz almaq lazımdı. Əlbəttə, çox istərdim ki, səfərdən 1 xalla qayıdaq, doğrudan da, “Sabah”ın ÇL-də debütünün sevincini yaşayaq. Amma mənə maraqlı və qəribə görünən bir məqam var: Allah eləməmiş, “Sabah” bu gün 5-6 top buraxarsa, “gəlin, sadəcə, həzz alaq” deyənlər gerçəkdən həzz ala biləcəkmi? Ölkəmdə belə mazoxistlər varsa, alınlarından öpər, “get yaşa, övladım” deyərdim.
Amma demirəm. Çünki mən mazoxist deyiləm. Məğlubiyətdən, ağrıdan, alçalmaqdan ləzzət ala bilmirəm. Ümumiyyətlə, futbolda böyük hesabla uduzan hansısa futbolçunun, jurnalistin, adamın, sadəcə, günün təntənəsinə söykənib, özünü və ictimaiyyəti aldatmağa yönələn söz oyununa, cilvəsinə qulaq asan yaşım çoxdan keçib.
Bacardıqca yaxşı oynamaq, qol və qollar vurmağa, xal və xallar almağa çalışmağa lazımdı. Mən də bunun mazoxistiyəm! Uğurlar, “Sabah”!
ORXAN
Məğlubiyyətdən necə həzz almaq olur ki?! – həyəcanlı gecə ərəfəsində
Manşet / Yazarlar






