“Gəncəbasar” “Kəpəz” azarkeşlərini “oğurlaya biləcəkmi?” – “layihələr var”

10.09.2026 13:59 432
Ölkə futbolu
1-ci liqada çıxış edən “Gəncəbasar”ın da ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcəyini yazmışdıq.

Komanda bu həftə həmin idman qurğusunda ilk oyununu keçirəcək. 2-ci turun oyununda rəqib “Xankəndi” olacaq. Meydan sahibləri bu matç üçün bütün biletlərin qiymətini 1 manat təyin edib.

Bəs, klubun stadiona daha çox tərəfdarın cəlb olunması üçün xüsusi layihələri olacaqmı? Axı şəhərin digər təmsilçisi “Kəpəz”in burda keçirilən qarşılaşmalarında anşlaq yaşanır.

Sualımıza cavab tapmaq üçün “Gəncəbasar”ın mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Gəncəbasar” klubu olaraq, həyata keçirdiyimiz və bu istiqamətdə irəliləmək istədiyimiz layihələr var. Gəncə futbol şəhəridi, burda böyük azarkeş ordusu var. Onların rəğbətini qazanmaq üçün əmək sərf edəcəyik. Zatən məqsədimiz də budu. Zamana ehtiyac var, nəticələrimiz olduqca bizi sevənlərin sayı artacaq. Sağ olsunlar, ilk günlərdən diqqət göstərirlər. Bu, bizi sevindirir”.

Qeyd edək ki, “Gəncəbasar” – “Xankəndi” matçı sabah saat 17.00-da başlayacaq.

KƏNAN BAHADIR