“Sabah” rəqiblərini BOS-da qəbul edəcək: bəs ot örtüyü?

6.09.2026 16:37 67
Aktual / Çempionlar Liqası
Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edəcək “Sabah” evdə dörd böyük oyuna çıxacaq. “Bayquşlar” doğma meydanda Praqa “Slaviya”sı, Dortmund “Borussiya”sı, “Barselona” və “Napoli”ni qəbul edəcək. UEFA-nın açıqladığı təqvimə əsasən, “Sabah” – “Slaviya” görüşü oktyabrın 13-də, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də, “Sabah” – “Napoli” oyunu isə yanvarın 20-də keçiriləcək.
Bu səbəbdən klub həm azarkeşlərin marağını nəzərə alaraq, həm də bu qarşılaşmalardan daha çox gəlir əldə etmək məqsədilə ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırır. Biz də əvvəlki yazılarımızda “Sabah”ın bu istiqamətdəki planları barədə məlumat vermişdik. Artıq məsələ rəsmiləşib. UEFA-nın saytında “Sabah”ın liqa mərhələsindəki ev oyunlarının rəqibləri və tarixləri təsdiqlənib.
“Football-plus.az” bununla bağlı klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb. Ondan Bakı Olimpiya Stadionunun “Slaviya” ilə oyuna qədər hazır vəziyyətə gətirilib-gətirilməyəcəyini, həmçinin stadionda hazırlıq işlərinin hansı şirkət tərəfindən həyata keçiriləcəyini soruşduq: “Hazırda bunun üzərində iş gedir. Klub ilk oyun vaxtına kimi stadionun tam hazır olması üçün uyğun addımlar atacaq”.
Mətbuat katibindən 2-ci sualımıza cavab ala bilməsək də, əldə olan məlumata görə, ot örtüyünün salınması Niderland şirkətinə həvalə edilib.
İSRAYIL XEYRULLAYEV