Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edəcək “Sabah” şənbə günü ev oyunlarını 68 min yerlik Bakı Olimpiya Stadionunda (BOS) keçirəcəyini açıqladı. Bakıya “Barselona”, “Napoli”, “Borussiya” kimi nəhənglərin gələcəyini nəzərə alanda BOS seçimi yetərincə məntiqli görünür. Bəs “Slaviya” ilə oyun? Tutumu az olan və daha münasib qiymətə başa gələn Tofiq Bəhramov adına Respublika stadionu bu oyun üçün uyğun seçim deyilmi? “Sabah”ın mətbuat katibi Elnur Həmidov bu suala belə cavab verdi: “UEFA Çempionlar Liqasının liqa mərhələsinin oyunları üçün, adətən, bir stadion qəbul edir. Komandaların başına fors-major hadisə gəlmədikcə hər oyun stadion dəyişməyə müsbət yanaşmır. Azarkeşin marağı ilə bağlı məlumatı matça az müddət qaldığı zaman əldə edəcəyik ki, stadion dolacaq, ya yox”.
Əslində “Sabah”ın BOS seçiminə münasibət birmənalı deyil. Stadionun böyük tutumu və geniş imkanları üstünlük kimi qiymətləndirilsə də, tribunaların meydançadan hədsiz uzaq olması azarkeşlərdə və jurnalistlərdə ciddi narazılıq doğurur. Bu məsələ ilə bağlı bağlı menecer Emil Şükürovun da fikrini öyrəndik. O isə BOS seçiminin kommersiya və atmosfer baxımından “Sabah” üçün doğru addım olduğunu düşünür:
“Çempionlar Liqası bütün futbol azarkeşləri üçün bir bayramdı. Nəzərə alsaq ki, ölkəmizdə “Barselona”nın yetərincə azarkeşi var, həmçinin son illərdə ölkəmizdə keçirilən böyük idman yarışlarına Mərkəzi Asiyadan və Yaxın Şərqdən, eləcə də digər qonşu ölkələrdən azareşlər gəlir, bu qərarı düzgün saymaq olar. “Sabah” hazırda ölkə xaricində də gündəmdədi və bu məqamda kommersiya gəlirlərini də artırmağı düşünmək olar. Bu artıq gələn mövsüm üçün də yatırım deməkdi. Oyunu izləməyin çətinliyinə gəlincə, xarici ölkələrdə qəbul edilmiş bir anlayış var: stadionlara oyunu daha yaxından izləmək üçün yox, ümumi ab-havanı hiss etmək, ailə və dostlar ilə dincəlmək üçün gəlirlər. Bu cəhətdən də “Sabah”ın “Bank Respublika Arena”da azarkeşlər üçün hazırladığı əyləncə və istirahət mövzulu fəaliyyətlər təqdirəlayiqdi. Qalır bunu BOS-da da tətbiq etmək”.
Beləliklə, “Slaviya” ilə qarşılaşma BOS-un həqiqətən də dolub-dolmayacağını göstərən ilk ciddi sınaqlardan biri olacaq. Stadionda böyük boşluqlar yaranarsa, “Tofiq Bəhramov” seçimi ilə bağlı səslənən sualların daha da artacağı şübhə doğurmur.
İSRAYIL XEYRULLAYEV
“Sabah”ın BOS planı: böyük stadion, yoxsa böyük risk? - "UEFA hər oyun stadion dəyişməyə müsbət yanaşmır"
Aktual / Ölkə futbolu






