Dambrauskas risk etdi, iki oyunçu itirdi

8.09.2026 17:31 891
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 4-cü turu “Sabah” üçün həm nəticə, həm də heyət seçimi baxımından diqqətçəkən məqamla yadda qaldı. Çempion buna qədər lider olan “Zirə”ni 5:0 hesabıyla məğlub edərək növbəti 3 xalı hesabına yazdı.
Maraqlıdı ki, “bayquşlar” bu qarşılaşmaya əsas heyətlə çıxdı. Amma komandanın dayağı sayılan iki futbolçusunun - Umarali Raxmonaliyevlə Stiv Solvetin zədələnməsi müəyyən suallar doğurdu. Məsələ ondadı ki, “Sabah” artıq cümə axşamı Çempionlar Liqasının yetərincə ciddi sınaq - “Mançester Yunayted” səfəri gözləyir. Belə məqamda əsas futbolçuların “Zirə” ilə oyuna çıxması sual yaradır: bu addım nə dərəcədə doğru idi?
Digər tərəfdən, “Zirə” kimi yetərincə iddialı rəqib üzərində qazanılan 5:0 hesablı qələbə göstərir ki, “Sabah” ölkə çempionatında da xal itirmək istəmir. Lakin Avropanın ən böyük səhnəsində debüt edəcək komandanın qarşısında belə ağır təqvim olduğu halda, futbolçuların fiziki və psixoloji baxımdan qorunması da ayrıca məsələdi. “Bayquşlar” ÇL-də yaxşı nəticəyə ümid bəsləmir deyə, yerli liqada da xal itirmək istəmir?
Məhz bu suallara aydınlıq gətirmək və Valdas Dambrauskasın heyət seçimi ilə bağlı fikir öyrənmək üçün təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik: “Sabah”ın “Zirə” ilə oyunda əsas heyət üzvlərinə istirahət verməməsi komandanın daxili çempionatı daha üstün tutması kimi qiymətləndirilməməlidi. Heç bir nəticəyə ümid etmədiklərini və yalnız çempionata fokuslandıqlarını demək də doğru olmaz. Əslində bütün komandanı dəyişməyin də mənası yox idi. Çünki mövsümün bu mərhələsində üç-dörd gündən bir oyun keçirmək mümkündü. Məncə, baş məşqçinin düşüncəsi əsas heyətin oyunçularının “Zirə” ilə görüşdən üç-dörd gün əvvəl onsuz da yaxşı yüklənmə əldə etməsi idi. Bu oyunda da həmin futbolçulara 60-65 dəqiqə, yəni təxminən bir saat yaxşı oyun praktikası vermək, daha sonra isə bəzi “açar” oyunçuları meydana çıxarmaq və ya onları əvəzləmək mümkün idi. Təbii ki, futbolçuların zədələnməsindən heç kim “sığortalanmayıb”. Solvetin ilk hissənin ortalarına yaxın, yaxud sonlarına doğru zərbə zamanı ayağının üzərinə düşməsi də bunun nümunəsidi. Belə halların qarşısını tam almaq mümkün deyil. Ona görə də bu qərara sırf “riskə getdi” prizmasından yanaşmaq düzgün olmaz.
Digər tərəfdən, hər iki turnir “Sabah” üçün eyni dərəcədə vacibdi. Çempionlar Liqasında iştirak edirlər deyə, daxili çempionatı kənara qoymaq olmaz. Eyni zamanda, ölkə çempionatında mübarizə aparırlar deyə, Çempionlar Liqasında zəif heyətlə çıxış etmək də düzgün yanaşma deyil. Komanda hər iki cəbhədə eyni səviyyədə mübarizə aparmağa məcburdu.
Bu baxımdan, “Zirə” ilə oyunda heyətdə rotasiyalara gedilməsi təəccüblü deyil. Üstəlik biz komandanın daxilindəki vəziyyəti, futbolçuların fiziki hazırlıq səviyyəsini və məşqçinin hansı məlumatlara əsasən qərar verdiyini tam bilmirik. Buna görə də “niyə bunu oynatdı, niyə digərini buraxmadı” kimi fikirlər səsləndirmək doğru olmaz.
Məncə, baş məşqçinin planı əsas heyətin futbolçularına 60-65 dəqiqəlik yük vermək, daha sonra bəzi aparıcı oyunçulara istirahət imkanı yaratmaq idi. “Zirə” ilə görüşdə komandanın göstərdiyi performans da yetərincə yaxşı oldu. Bu baxımdan, “Sabah”ın “Mançester Yunayted” ilə qarşılaşmada ən azı əks-hücumlarda uğurlu ola biləcəyini düşünürəm.
Əsas məsələ bundan sonra başlayır. “Sabah” uzun müddət ərzində belə sıx qrafiklə çıxış edəcəksə, rotasiyalar qaçılmaz olacaq. Məsələn, “Zirə” ilə oyunda da heyətdə bir neçə dəyişiklik edilmişdi. Bu təsadüfi deyil. Komanda qarşıdakı aylarda, ən azı yanvara qədər, belə sıx qrafikdə oynayacaqsa, futbolçuları növbəli şəkildə meydana buraxmaq məcburiyyətindədi. Ona görə də Dambrauskasın “Zirə”yə qarşı əsas heyət üzvlərini oynatmasında qeyri-adi heç nə yoxdu”.
İSRAYIL XEYRULLAYEV